Türkiyə
Qərbi Asiya və Balkan yarımadasında yerləşən qitələrarası ölkə / From Wikipedia, the free encyclopedia
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə.[7] Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır.[8] Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.[9]
Türkiyə | |||||
---|---|---|---|---|---|
türk. Türkiye Cumhuriyeti | |||||
| |||||
Yurtta sulh, cihanda sulh | |||||
Himn: "İstiqlal Marşı" |
|||||
Tarixi | |||||
• Osmanlı Dövlətinin yaranması | 27 yanvar 1299 | ||||
• İstiqlaliyyət müharibəsi | 19 may 1919 | ||||
• Türkiyə Böyük Millət Məclisi | 23 aprel 1920 | ||||
• Lozanna müqaviləsi | 24 iyul 1923 | ||||
• Respublikanın elan edilməsi | 29 oktyabr 1923 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Ankara | ||||
İdarəetmə forması | Unitar prezident respublikası | ||||
Prezident | Rəcəb Tayyib Ərdoğan | ||||
Vitse-prezident | Cövdət Yılmaz | ||||
TBMM Spikeri | Numan Qurtulmuş | ||||
Sahəsi | Dünyada 36-cı | ||||
• Ümumi | 783,562 km² | ||||
• Su sahəsi (%) | 2.03 | ||||
Əhalisi | |||||
• Əhali | ▲ 85.279.553[2] nəfər (17-ci) | ||||
• Siyahıyaalma (2000) | 67.804.543 nəf. | ||||
• Sıxlıq | 110[3] nəf./km² (107-ci) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $3.613 trilyon[4] dollar (13-cü) | ||||
• Adambaşına | ▲ $41,887[4] dollar (45-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2019) | ▲ $1.154 trilyon[4] dollar (19-cu) | ||||
• Adambaşına | ▲ $13,383[4] dollar (60-cı) | ||||
İİİ (2021) | 0.838 (artış; 48-ci) | ||||
Demonim | Türk | ||||
Valyuta | Türk lirəsi | ||||
İnternet domeni | .tr | ||||
ISO kodu | TR | ||||
BOK kodu | TUR | ||||
Telefon kodu | +90[5], +36[5] | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][6] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir.[10][11] Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir.[11][12][13] Rəsmi dil türk dilidir.[14] Türk dili ilə yanaşı kurmanc, bosniya, ərəb, zaza, kabardin-çərkəz və digər dillər də danışılır.
Müasir Türkiyə ərazisi paleolit dövründən etibarən müxtəlif xalqlar tərəfindən məskunlaşma mərkəzinə çevrilmişdir. Aysorlar, yunanlar, frigiyalılar, uratular bu ərazilərin ilk sakinləri hesab olunur.[15] Makedoniyalı İsgəndər bu əraziləri ələ keçirdikdən sonra yunanlaşma prosesi başlamışdır. Bu proses sonralar Roma İmperiyası və Bizans İmperiyası dövründə də davam etmişdir. XI əsrdə Səlcuq türklərinin əraziyə miqrasiyası başlamışdır. 1071-ci ildə səlcuqluların Malazgird döyüşündə Bizansa qalib gəlməsi Türkiyə quruluşunun başlama tarixi kimi simvolizə edilir.[16] Rum Sultanlığı 1243-cü ildə monqol işğallarına qədər Anadolunu idarə etmiş, həmin tarixdən sonra isə müxtəlif Anadolu bəyliklərinə parçalanmışdır.[17] XIII əsrin sonlarından etibarən Osmanlı sülaləsi Anadoluda yerləşən kiçik bəylikləri özündən asılı vəziyyətə salmağa başlamış və nəticədə, sərhədləri Cənub-Şərqi Avropa, Qərbi Asiya və Şimali Afrikanın çox hissəsini əhatə edən böyük imperiyaya çevrilmişdir.[18] Osmanlı İmperiyası Sultan Süleyman Qanuninin hakimiyyəti illərində ən qüdrətli dövrünü yaşamışdır.[19] İki əsrdən çox müddət ərzində öz qüdrətini qorumasına baxmayaraq, XIX və XX əsrlərdə Avropada strateji əhəmiyyətli ərazilərin itirilməsi, dövlətin hərbi qüdrətinin zəifləməsinə gətirib çıxardı. 1913-cü ildə baş vermiş dövlət çevrilişindən sonra ölkənin idarə olunması "Üç Paşalar"ın əlinə keçdi. Birinci Dünya müharibəsi ərzində Osmanlı İmperiyası İttifaq dövlətlərinə qoşulmağa qərar verdi. Müharibənin başa çatmasından sonra məğlub olan Osmanlı İmperiyası süquta uğradı. İşğalçı qüvvələrə qarşı başlayan və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə davam edən Türkiyə İstiqlaliyyət müharibəsi 1922-ci ildə monarxiyanın ləğv edilməsi və 1923-cü ildə Türkiyə Respublikasının əsasının qoyulması ilə nəticələndi.[20] Atatürk ölkənin ilk prezidenti təyin olundu. Atatürk ölkə başçısı seçildikdən qısa müddət sonra tarixə Atatürk islahatları adı altında daxil olan bir çox önəmli islahatlar həyata keçirildi.
Türkiyə BMT, NATO, BVF və Dünya Bankının üzvü, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, QDİƏT, İƏT və G-20 kimi təşkilatların qurucu üzvüdür. Türkiyə 1949-cu ildən Avropa Şurası, 1963-cü ildən Avropa İqtisadi Birliyi, 1995-ci ildən Avropa İttifaqı Gömrük Birliyinin üzvüdür. 2005-ci ildən etibarən ölkənin Avropa İttifaqına daxil olması ilə əlaqədar danışıqlar başlasa da, 2017-ci ildə bu danışıqlar dayandırılıb. Hal-hazırda Türkiyə böyüyən iqtisadiyyatı və diplomatik təşəbbüsləri sayəsində regional güc olaraq qəbul edilir.[21]